mxmtoon
mxmtoon (emeksemtun; 9 iyul 2000, Oklend, Kaliforniya) — ABŞ-dən olan müğənni-mahnı yazarı, YouTuber. O, ukulele müşayiəti ilə oxuduğu emosional, etirafedici lirikalı mahnılarına görə tanınır. Mxmtoon debüt minialbomu olan "Plum Blossom"-u 2018-ci ildə, "The Masquerade" adlanan debüt studiya albomunu isə 2019-cu ilin sentyabrında çıxarıb. O, 2020-ci ildə "Dawn" və "Dusk" adlı iki minialbom, ardınca da 20 may 2022-ci ildə "Rising" adlı ikinci studiya albomunu buraxıb.
mxmtoon 2017-ci ildə özünün yazıb ifa etdiyi ilk mahnılarını YouTube-a yerləşdirməyə başlamışdır. O, əvvəlcə musiqi ilə məşğul olduğunu valideynlərindən gizli saxlamışdı. Amma, internetdə onun məşhurluğu yüksəldikcə bu barədə onlara xəbər verməli olub. Mxmtoon ilk mahnılarını öz otağında, GarageBand tətbiqinin köməyilə yazmışdır. O, evində zərb alətləri olmadığından, onun yerinə saç düzləşdiricisindən istifadə etmişdir. O, 2017-ci ildə lou-fay musiqi prodüseri Peachy ilə "Falling for U" mahnısını yazıb. Bu mahnı 2023-cü ilə kimi Spotify-da 100 milyondan çox oxutma toplamışdır. Mxmtoon musiqidən əlavə, Twitch-də canlı yayımlar etməkdədir. Onun podkastları və eyni zamanda, iki dənə qrafik romanı var.
O, hazırda fəaliyyətinə Bruklində davam edir. Oxşar üslublu sənətçilər Cavetown və Kloi Moriondo ilə bir araya gələrək mahnılar yazmışdır.
Similar Artists